Sərnişinlərin qatar sıxlığı ilə bağlı narazılığına ADY-dən AÇIQLAMA – sərnişin sayı 40 faizdən çox artıb
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə xüsusilə pik saatlarda sərnişin sıxlığının artması ilə bağlı narazılıqlara Azərbaycan Dəmir Yollarından (ADY) münasibət bildirilib. Şirkət sərnişin sayının son iki ildə 40 faizdən çox artdığını açıqlayıb.
Azmedia.Az xəbər verir ki, son günlər Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda, xüsusilə səhər və axşam pik saatlarında sərnişin sayının artması diqqət çəkib. Vaqonlarda yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub. Xüsusilə axşam saatlarında işdən evə qayıdan vətəndaşların qatarlarda sıxlıqla üzləşdiyi bildirilir.
Məsələ ilə bağlı Azmedia.Az-a açıqlama verən Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının bir qədər də artması müşahidə olunur.
“Sərnişinlərin narahatlığını anlayırıq. Mövcud vəziyyət bir neçə amillə bağlıdır”, - deyə ADY-dən qeyd olunub.
Bildirilib ki, hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys həyata keçirilir. Sərnişin sayının sürətli artması fonunda qatar parkının mövcud imkanlarından əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur.
ADY-nin məlumatına görə, son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından etibarən artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb.
Şirkət sərnişin sayındakı artıma şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklərin də təsir etdiyini bildirib.
Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur.
ADY-dən həmçinin qatarların əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb edildiyi bildirilib. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri, o cümlədən aylıq qaydada həyata keçirilir.
Şirkətin açıqlamasında qeyd olunub ki, sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb edilib.
Həmin qatarın oktyabrın 5-dən təmirə göndərilməsi səbəbindən hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib.
“Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir”, - deyə ADY-dən vurğulanıb.
Şirkət sərnişin tələbatının artmasını nəzərə alaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlərin həyata keçirildiyini açıqlayıb.
Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra dəyişən cərəyan sistemi ilə işləyən qatarların da bu marşrutda istifadəsi mümkün olacaq. Bunun sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacağı qeyd olunub.
Bununla yanaşı, sözügedən Dövlət Proqramı çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür.
ADY bununla bağlı bildirib ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycan dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirlər davam etdiriləcək.
Əli Şəyəldiyev
Azmedia.Az


