Veteran təqaüdü 100 manata qaldırıla bilər - DEPUTAT

Veteran təqaüdü 100 manata qaldırıla bilər -

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir.

Azmedia.Az bildirir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov modern.az-a açıqlama verib:

Qazilər və müharibə veteranlarına sosial dəstəyin gücləndirilməsi dövlət siyasətinin dəyişməz prioritetidir:

Qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi insan mərkəzli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, məsul dövlət mövqeyi ictimai dövriyyədə səslənən hər ehtimalı qəbul edilmiş qərar kimi təqdim etməyə imkan vermir. Sosial ödənişlərin məbləği yalnız müvafiq normativ-hüquqi aktın qəbulundan və maliyyə təminatının müəyyənləşdirilməsindən sonra dəyişmiş hesab olunur. Buna görə rəsmi qərar elan edilənədək artımın konkret məbləği və tətbiq tarixi barədə qəti fikir bildirmək hüquqi və institusional baxımdan düzgün olmaz".

Deputat mümkün artımın fiskal yükünün idarəolunan hesab edildiyini söyləyib:

"Məsələnin fiskal miqyası isə mövcud statistik baza əsasında obyektiv qiymətləndirilə bilər. Hazırda 183 mindən artıq müharibə veteranına aylıq 80 manat Prezident təqaüdünün ödənilməsi təxminən 175,8 milyon manatlıq illik maliyyə öhdəliyi formalaşdırır. Təqaüdün 80 manatdan 100 manata çatdırılması yalnız bu istiqamət üzrə dövlət büdcəsinə əlavə 43,9 milyon manatlıq illik yük yaradar. Bu rəqəm proqnozlaşdırılan artım kimi deyil, mümkün qərarın maliyyə tutumunu göstərən şərti hesablama kimi qəbul edilməlidir”.

Deputat bildirib ki, qanunvericilikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kimi təsnif olunan qazilərə orqanizmin funksiyalarının pozulma səviyyəsinə uyğun olaraq 400, 500 və 600 manat Prezident təqaüdü ödənilir:

“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş təxminən 14 min şəxs üzrə orta aylıq göstərici 472 manata yaxındır. Bu ödənişlərin 20 faiz artırılması illik təqribən 15,8 milyon manat əlavə vəsait tələb edər. Veteran təqaüdünün 100 manata çatdırılması ilə həmin ssenari birlikdə götürüldükdə ümumi əlavə maliyyə tələbatı 59,8 milyon manat səviyyəsində formalaşar. 2026-cı il dövlət büdcəsinin 41,7 milyard manatlıq xərc çərçivəsi və sosial müdafiə ilə sosial təminata ayrılmış 4,87 milyard manat nəzərə alındıqda, göstərilən ssenari ümumi büdcə xərclərinin təxminən 0,14 faizinə, müvafiq sosial xərclərin isə 1,23 faizinə bərabərdir. Bu nisbətlər mümkün artımın fiskal baxımdan idarəolunan olduğunu göstərir, lakin ödənişlərin daimi xarakteri onların dayanıqlı və əsasən qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsini zəruri edir".

R.Muradov bu qərarın həm daxili istehlakı, həm də sosial ədaləti dəstəkləyə biləcəyini deyib:

"Belə bir qərarın iqtisadi təsiri yalnız büdcədən ayrılan vəsaitlə məhdudlaşmır. Ödənişlərin əsasən gündəlik tələbat mallarına və xidmətlərə yönəlməsi daxili istehlakı dəstəkləyir, vəsaitin müəyyən hissəsinin iqtisadi dövriyyə və vergi daxilolmaları vasitəsilə büdcəyə qayıtmasına şərait yaradır. Maliyyə miqyası ümumi iqtisadiyyatla müqayisədə məhdud olduğundan ayrıca ciddi inflyasiya təzyiqi gözlənilmir. Burada əsas məqsəd sosial ədalətin, dövlət-vətəndaş etimadının və Vətən qarşısında xidmətə verilən ali siyasi-hüquqi qiymətin maddi təminat mexanizmləri ilə daha da möhkəmləndirilməsidir".