Deputatdan maraqlı təklif: “Stop” sözü yol nişanlarından çıxarılsın, əvəzinə bu söz yazılsın

Deputatdan maraqlı təklif: “Stop” sözü yol nişanlarından çıxarılsın, əvəzinə bu söz yazılsın

Deputat Hikmət Babaoğlu yol hərəkəti nişanlarında istifadə olunan “Stop” sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsinin məqsədəuyğun olduğunu bildirib. O, həmçinin dilimizdə işlədilməsi mümkün olan digər sözlərin də müəyyənləşdirilməsini təklif edib.

Azmedia.Az xəbər verir ki, deputat bu barədə Bizim.Media-ya açıqlamasında danışıb. O vurğulayıb ki, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dilimizə qaytarılması mümkün olan digər sözlərlə bağlı da yeni təkliflər irəli sürməlidir.

Hikmət Babaoğlu bildirib:

“Şəhərdə yol-nəqliyyat nişanlarının yerləşdirildiyi lövhələrdəki “Stop” sözünü əvəzləmək mümkündür.

Yol nişanlarının üzərindəki “Stop” sözünün əvəzinə “Dur” və ya “Toxta” sözünün işlədilməsi daha məqsədəuyğun olardı. Aydındır ki, “Stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Lakin onun əvəzinə “Toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir.

Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür”.

Parlamentari hesab edir ki, AMEA ilə yanaşı, bu sahə üzrə fəaliyyət göstərən ayrı-ayrı mütəxəssislər də regionlarda qorunub saxlanılan, ədəbi dildən kənarda qalmış və ya leksik dövriyyəsi məhdudlaşmış sözlərimizin siyahısını hazırlamalıdırlar. Eyni zamanda, alınma sözlərdən hansılarının həmin sözlərlə əvəz edilə biləcəyi müəyyənləşdirilməlidir.

Hikmət Babaoğlu əlavə edib:

“Bu istiqamətdə alternativ lüğət də hazırlanmalıdır ki, sonradan hüquqşünaslar həmin sözlərin hüquqi müstəvidə, qanunverici orqanlar isə qanunvericilikdə tətbiqinə şərait yaratsınlar. Beləliklə, bu sözləri dərsliklərimizə də daxil etməklə öz dilimizə yenidən qazandıra bilərik”.