“Bolt” sürücüsü qadına qarşı zorakılıq edib? Sərnişinin iddiası araşdırılır- VİDEO

“Bolt” sürücüsü qadına qarşı zorakılıq edib?

Bakı-Sumqayıt yolunda, “Riyad” Ticarət Mərkəzinin ərazisində “Bolt” şirkətinə məxsus taksinin sürücüsü tərəfindən hədələndiyini və zorakılığa məruz qaldığını iddia edən vətəndaş hadisə ilə bağlı açıqlama yayıb.

Azmedia.Az xəbər verir ki, Bakı-Sumqayıt (“Riyad” TM ərazisində – red.) yolunda “Bolt” şirkətinə məxsus taksinin sürücüsü tərəfindən hədə-qorxuya və zorakılığa məruz qaldığını iddia edən vətəndaş bu barədə danışıb.

“Ölkə.az”ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, Elvira Vəliyeva hadisə ilə bağlı “TikTok” hesabında video paylaşıb.

O, hadisənin dünən saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verdiyini bildirib.

Qadının sözlərinə görə, taksi tapa bilmədiyindən çatdırılma xidmətindən istifadə etmək qərarına gəlib. Bununla belə, sürücüyə özü gedəcəyini əvvəlcədən xəbər verib.

Şikayətçi iddia edir ki, sürücü buna etiraz etməyib. Lakin ondan əvvəlcə sifarişi ləğv etməsini, daha sonra isə onu ünvana aparmasını xahiş edib.

Təyinat nöqtəsinə çatmağa 3-4 dəqiqə qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Belə ki, tətbiqdə xidmətin qiyməti 4 manat göstərilsə də, sürücü 7 manat tələb edib.

E. Vəliyevanın sözlərinə görə, əlavə ödəniş etməkdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələyib:

“Artıq ödənişi etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, “bilirəm sənin başına nə oyun açacam”. Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb ani tormozlama etdi.

Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır?”

Vətəndaş əlavə olaraq bildirib ki, hadisə zamanı içərisində iki ədəd orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantası da taksidə qalıb.

O, 567 qeydiyyat nişanlı, BYD markalı taksinin sürücüsünün hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini də qeyd edib.