Dünya Çempionatı ABŞ-a 18 milyard dollardan çox qazanc gətirib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçirilən futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində töhfə verdiyini açıqlayıb.
Azmedia.Az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial platformasındakı paylaşımında məlumat verib.
ABŞ Prezidenti turnirin ölkə iqtisadiyyatına 18 milyard dollardan artıq gəlir qazandırdığını bildirib.
Tramp, həmçinin dünya çempionatının məşğulluğa əhəmiyyətli təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin keçirilməsi nəticəsində 160 mindən çox vətəndaş işlə təmin olunub.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilib. Turnir 11 iyun–19 iyul tarixlərində təşkil olunub.
Budəfəki mundial əvvəlki turnirlərdən fərqli olaraq genişləndirilmiş formatda keçirilib və ilk dəfə 48 milli komanda yarışda iştirak edib.
Çempionatın üç ölkədə keçirilməsi beynəlxalq azarkeş axınının, turizm və xidmət sektorunda iqtisadi fəallığın artmasına səbəb olub.


