Trampın Putinlə danışıqlarında hansı məsələlər müzakirə ediləcək? Yeni təklif açıqlanıb

Trampın Putinlə danışıqlarında hansı məsələlər müzakirə ediləcək? Yeni təklif açıqlanıb

ABŞ administrasiyası Vaşinqtonun son addımlarından sonra Moskvanın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda kompromisə daha açıq yanaşacağını gözləyir.

Azmedia.Az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin satışına tətbiq edilən sanksiya məhdudiyyətlərini yumşaltmağa razılıq verməsi və Kremlin maraqlarına uyğun digər addımlar atması Ağ Evdə Moskvanın mövqeyinə təsir göstərə biləcəyi ilə bağlı gözləntiləri artırıb.

Nəşrin mənbəsi bildirib ki, Norveçin paytaxtı Osloda ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Rusiya ilə gələcək danışıqların istiqamətləri üzrə razılıq əldə olunub.

Görüş zamanı müharibənin dayandırılmasına dair çərçivə sazişi üzrə ümumi təkliflər müzakirə edilib. Ukrayna tərəfinin irəli sürdüyü yeni ideyalar ətraflı nəzərdən keçirilib.

Mənbənin sözlərinə görə, müzakirələr zamanı əhəmiyyətli irəliləyiş əldə olunub və növbəti mərhələdə atılacaq addımlarla bağlı işçi səviyyəsində razılaşma əldə edilib.

“Axios”un yazdığına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüş zamanı Uitkoff yenilənmiş təkliflər paketini Rusiya liderinə təqdim edəcək. ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin də danışıqlara videobağlantı vasitəsilə qoşulacağı gözlənilir.