Azərbaycan səhnəsinin unudulmaz siması Səyavuş Aslanın doğum günüdür-

Azərbaycan səhnəsinin unudulmaz siması Səyavuş Aslanın doğum günüdür-

Azərbaycan səhnə sənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Sənətkarın zəngin yaradıcılıq fəaliyyəti Azərbaycan teatr və kino tarixində özünəməxsus iz qoyub.

Azmedia.Az xəbər verir ki, bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Bu il sənətkarın dünyaya gəlməsindən 91 il ötür.

O, 1947-1953-cü illərdə müxtəlif dram dərnəklərində səhnə fəaliyyəti göstərib. Səyavuş Aslan peşəkar yaradıcılıq yoluna 1954-cü ildə başlayıb.

Aktyor musiqili komediya estrada truppasında çalışıb, 1958-ci ildə Quba Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1959-cu ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə qəbul olunub.

Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında “Qoşun” obrazını uğurla canlandırdıqdan sonra teatrın aktyor heyətinə keçirilib.

Səyavuş Aslan yaradıcılığı ərzində çoxsaylı yaddaqalan obrazlara həyat verib. Onun canlandırdığı rollar sırasında “Kəndimizin mahnısı” tamaşasında Bayram, “Özümüz bilərik”də İbişov, “Hicran”da Dadaşbala və “Qaçırılmış qız”da Qəmzəli obrazları xüsusi yer tutur.

Sənətkar uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi fəaliyyət göstərib. 1994-1996-cı illərdə isə həmin teatrın bədii rəhbəri vəzifəsini daşıyıb.

Səyavuş Aslanın Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Aktyor Prezident təqaüdçüsü olub.

1995-ci ildə “Şöhrət” ordeni ilə təltif edilən Səyavuş Aslana 2013-cü il iyunun 25-də “Şərəf” ordeni təqdim olunub.

Xalq artisti ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib. Səyavuş Aslan İkinci Fəxri xiyabanda dəfn olunub.