Elza Seyidcahandan “Buğday Tanesi” gecəsinə xüsusi töhfə: inklüziv layihə çərçivəsində musiqi, poeziya və yaradıcılıq- FOTO/VİDEO
Nizami Kino Mərkəzində keçirilən “Buğday Tanesi” filminin təqdimatı və motivasiya gecəsində Elza Seyidcahanın bədii-poetik və musiqi yaradıcılığı ilə bağlı töhfələri tədbirə xüsusi rəng qatıb.
Azmedia.Az xəbər verir ki, tədbir çərçivəsində Türkiyə Böyük Millət Məclisinin deputatı Serkan Bayramın həyat mübarizəsindən bəhs edən və Türkiyədə böyük maraq doğuran “Buğday Tanesi” kitabının Bakı təqdimatı keçirilib.
Bu xüsusi inklüziv layihə çərçivəsində Elza Seyidcahanın fiziki məhdudiyyətli istedadlı uşaqlar və inklüziv teatr qrupları üçün hazırladığı bədii-poetik töhfələr, eləcə də özünün yaradıcılıq nümunələri gecənin kitab təqdimatı və imza günü hissəsində iştirakçılara təqdim olunub.
Elza Seyidcahanın bəstəsi motivasiya gecəsində səsləndirilib
Tədbirdə səsləndirilən motivasiya xarakterli xüsusi musiqili kompozisiyanın bəstəkarı Elza Seyidcahandır.
Bəstə filmin əsas fəlsəfəsinə — fiziki məhdudiyyətlərin insanın qarşısında maneəyə çevrilməməsinə, əzmkarlığa və ümidə əsaslanır.
Kompozisiya üçün ekran işinin rejissoru Amil Əli tərəfindən xüsusi videoçarx, yəni klip hazırlanıb. Klipdə inklüziv layihələrin, eləcə də Qüsursuz Nitq Psixologiya Mərkəzinin fiziki məhdudiyyətli istedadlı uşaqları və gəncləri də iştirak edərək öz bacarıq və məharətlərini nümayiş etdiriblər.
Layihədə Nəbi Xəzrinin poeziyasına müraciət olunub
Layihənin musiqi hissəsində xalq şairi Nəbi Xəzrinin poeziyasına müraciət edilib. Şairin şeirini isə Leyla Əliyeva qiraət edib.
Bu musiqi və bədii layihə Qüsursuz Nitq Mərkəzi və Inclusive Organization Company tərəfindən Azərbaycanda inklüziv teatrın inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə genişmiqyaslı sosial aksiya kimi təşkil olunub.
Layihə çərçivəsində musiqi, poeziya, kitab təqdimatı və inklüziv yaradıcılıq nümunələri bir araya gətirilərək fiziki məhdudiyyətli uşaqların və gənclərin istedadlarının nümayişinə, onların cəmiyyətə inteqrasiyasına və inklüzivlik dəyərlərinin təşviqinə diqqət yönəldilib.


