Qonaqlara süni kürü təbii adı ilə təqdim edilib: “Çıraq Palace”la bağlı qərar verildi- FOTO/VİDEO
Bakıda fəaliyyət göstərən “Çıraq Palace” şadlıq sarayında qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb. AQTA-nın yoxlamasından sonra qanunvericiliyə uyğun tədbirlər görülüb.
Azmedia.Az xəbər verir ki, “Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı mediada yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama aparılıb.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 20A ünvanında yerləşən, fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində həyata keçirilib.
Araşdırma zamanı müəyyən edilib ki, şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzrə istehlakçılara təqdim olunan ət məhsullarının çeşidi və mərasim iştirakçılarının sayı ilə bağlı yoxlamaya təqdim edilmiş müvafiq müşayiətedici baytarlıq sənədləri arasında uyğunsuzluqlar var.
Həmçinin, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən həcmdən dəfələrlə çox olduğu müəyyənləşdirilib. Nəticədə məhsulların izlənmə sisteminin təmin edilmədiyi aşkarlanıb.
Bununla yanaşı, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə olunub.
Yoxlama zamanı istehlakçıların aldadılması ilə nəticələnən hallar da üzə çıxıb. Belə ki, qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, eləcə də onların aldadılması kimi qiymətləndirilib.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
///baku.ws


