Təyyarədə dava salan sərnişin oturacağa skoçla bağlandı- VİDEO
ABŞ-də sərnişinin uçuş zamanı aqressiv davranış nümayiş etdirməsi ekipajın müdaxiləsinə səbəb olub. İnsidentdən sonra təyyarə başqa hava limanına yönləndirilib.
Azmedia.Az xəbər verir ki, hadisə Texasdan Nyu-Cersiyə uçan sərnişin təyyarəsində baş verib.
Məlumata görə, sərxoş olduğu bildirilən sərnişin uçuş zamanı yüksək səslə dini məzmunlu təhqiramiz ifadələr səsləndirib və bələdçiyə qarşı irqçi ifadələr işlədib.
Bununla kifayətlənməyən şəxs yanında əyləşən sərnişinlərdən birinə hücum edib, həmçinin digər sərnişinin noutbukunu sındırıb. Ardınca təyyarədə bir neçə şəxslə mübahisə və qarşıdurma yaradıb.
Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə qayda pozan sərnişin zərərsizləşdirilib və oturduğu yerə skoçla bərkidilib.
İnsidentlə əlaqədar pilotlar təyyarəni Merilend ştatında məcburi şəkildə endiriblər. Təyyarə yerə endikdən sonra aqressiv sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Hadisə ilə bağlı araşdırmanın davam etdirildiyi bildirilir.


