İsveçdə bu həmyerlimizə növbəti mühüm vəzifə həvalə olundu- FOTO
İsveçdə fəaliyyət göstərən azərbaycanəsilli siyasətçi Turan Əliyev ölkənin mühüm regional idarəetmə orqanlarından birində yeni vəzifəyə seçilib.
Azmedia.Az xəbər verir ki, İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev ölkənin əhalisinin sayına görə ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinin 2027–2030-cu illər üçün əsas üzvü seçilib.
İsveçin 21 regionundan biri olan Vestra Hötaland 49 bələdiyyəni əhatə edir və burada təxminən 1,8 milyon nəfər yaşayır.
Logistika üzrə İdarə Heyəti regionun səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm strateji əhəmiyyət daşıyan siyasi idarəetmə orqanıdır. Qurum xəstəxanaların və digər səhiyyə müəssisələrinin tibbi ləvazimatlarla, eləcə də zəruri məhsullarla vaxtında təmin olunmasına, həmçinin anbar, daşınma və çatdırılma sistemlərinin fəaliyyətinə siyasi rəhbərlik edir və nəzarəti həyata keçirir.
İdarə Heyətinin əsas vəzifələri sırasına böhran və müharibə şəraitində səhiyyə müəssisələrinin fasiləsiz təchizatının təmin edilməsi üçün hazırlıq səviyyəsinin yüksəldilməsi, ayrılmış büdcə vəsaitlərindən səmərəli istifadə olunması, eləcə də göstərilən xidmətlərin keyfiyyətinə nəzarət daxildir.
Bununla yanaşı, təchizat proseslərində ekoloji dayanıqlılığın qorunmasına və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. İdarə Heyətinin siyasi nəzarəti altında fəaliyyət göstərən təchizat idarəsində təxminən 1500 nəfər əməkdaş çalışır.
Qeyd edək ki, bundan əvvəl İsveçin Partille şəhərinin Bələdiyyə Şurası həmyerlimiz Turan Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsi sədrinin birinci müavini seçib.
O, 2027-ci il yanvarın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu postda fəaliyyət göstərəcək.
T. Əliyev, eyni zamanda, Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.

