Yevlaxdakı qətlin səbəbi məlum olub
Yevlaxda baş verən qətlin ilkin təfərrüatı məlum olub.
Azmedia.Az-ın məlumatına görə, bu gün Yevlax rayonunun Hacıselli kəndində baş verən qətl hadisəsinin kökündə tərəflər arasında uzun müddətdir davam edən şəxsi münaqişənin dayandığı bildirilir.
İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü Eşqin İsmayılovla 1963-cü il təvəllüdlü həmkəndlisi Natiq Abbasov arasında ədavət təxminən ilyarım əvvəl yaranıb. Məlumata görə, həmin vaxt Eşqin İsmayılov Natiq Abbasovu evinə dəvət edib. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb və iddiaya əsasən, Eşqin İsmayılov oğlu ilə birlikdə Natiq Abbasovu döyərək ona ağır xəsarətlər yetirib.
Bildirilib ki, həmin hadisə ilə bağlı Eşqin İsmayılov barəsində məhkəmə hökmü çıxarılıb və o, 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İlkin məlumatlara görə, tərəflər arasındakı ədavət bununla da sona çatmayıb. Bu gün Natiq Abbasov həmkəndlisinin yaşadığı evin qarşısına gələrək onunla yenidən mübahisə edib və münaqişə zamanı odlu silahdan atəş açaraq Eşqin İsmayılovu qətlə yetirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


