Aygün və Namiq 16 ildən sonra yenidən bir araya gəlir- VİDEO

Aygün və Namiq 16 ildən sonra yenidən bir araya gəlir-

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra yeni duetlə pərəstişkarlarının qarşısına çıxıblar.

Azmedia.Az xəbər verir ki, sənətçilər 16 illik fasilədən sonra “Gəlirəm” adlı mahnı və klipi təqdim ediblər.

Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Yeni duetdə illər əvvəlki əməkdaşlığın yaratdığı nostalji ab-hava yenidən canlandırılıb.

“Gəlirəm” klipinin rejissoru Delee Orucludur. Ekran işi bir neçə məkanda lentə alınıb. Aygün Kazımova və Namiq Qaraçuxurlu klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər.

Klipdə diqqət çəkən məqamlardan biri Aygün Kazımovanın gəlinlik libasında görüntülənməsi olub.

Sənətçilərin klipdəki obrazları üzərində modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıblar.

Mahnının aranjimanı Rasim Əsgərov və Dahin Malikə məxsusdur.

Yeni duet artıq bütün əsas musiqi platformalarında təqdim edilib. Sənətçilərin bir neçə gün əvvəl paylaşdıqları gözlənilməz anons isə sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.