Pünhan Piriyevdən Tolikə cavab: “Efirə pul verib çıxmamışam” – Alim Qasımov məsələsinə də aydınlıq gətirdi- VİDEO

Pünhan Piriyevdən Tolikə cavab:

Müğənni Pünhan Piriyev prodüser Tolikin onunla bağlı fikirlərinə cavab verib, həmçinin Alim Qasımovla bağlı səsləndirilən “böyüyə hörmətsizlik edib” iradına münasibət bildirib.

Azmedia.Az xəbər verir ki, müğənni Pünhan Piriyev prodüser Tarix Əliyevin (Tolik) onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Pünhan Piriyev bununla bağlı video çəkərək Tolikin sözlərinə etirazını bildirib və prodüserə bir sıra suallar ünvanlayıb.

Sənətçi qeyd edib ki, Tolik onun səsini bəyənmirdisə, onu efirə dəvət etməsinin səbəbini anlamır.

Pünhan Piriyev deyib:

“Tolik deyir ki, efirlərə belə gəlməsin. Mən də soruşuram ki, mənim səsimi bəyənmirdinsə, məni niyə verilişinə dəvət edirdin? Sənin gözündə aşağıyamsa, niyə çağırırsan?”

Müğənni daha sonra Tolikin fikirlərinin Vasif Məhərrəmli tərəfindən də təsdiqləndiyini bildirib. O, 28 yaşının olduğunu və 8 yaşından bu günə qədər oxumağında fasilə olmadığını vurğulayıb.

Pünhan Piriyev efirlərə çıxmaq üçün pul ödəmədiyini də qeyd edib:

“Tolik deyir, Vasif Məhərrəmli də təsdiq edir. Mənim 28 yaşım var. 8 yaşımdan bu vaxta qədər oxumağımda fasilə olmayıb. Mən efirə pul verib çıxmamışam, öz zəhmətimlə, əziyyətimlə çıxmışam”. 

Pünhan Piriyev Alim Qasımov məsələsinə də aydınlıq gətirdi

Pünhan Piriyev Xalq artisti Alim Qasımovla bağlı səsləndirilən “böyüyə hörmətsizlik etmisən” fikirlərinə də münasibət bildirib.

Müğənni Alim Qasımova qarşı hörmətsizlik etmədiyini deyib.

“Zəng edib deyirlər ki, hörmətsizlik etmisən, o böyükdür. Mən hörmətsizlik etməmişəm. O, zəng edib məni məclislərinə oxumağa dəvət edib. Getmişəm, heç bir ödəniş demədən ‘baş üstə’ deyib getmişəm. Alim müəllim də özü mənə dedi ki, mən də sənin xeyir işində gəlib əvəzini çıxaram. Nişanə xanım şahiddir”, – deyə Pünhan Piriyev bildirib. 

Pünhan Piriyev açıqlaması zamanı Alim Qasımovun məclisində onunla birlikdə çəkdirdiyi görüntüləri də nümayiş etdirib. Sənətçi bununla Xalq artisti ilə bağlı yaranan söz-söhbətlərə aydınlıq gətirərək məsələyə son qoymaq istədiyini bildirib. 

Pünhan Piriyev daha əvvəl Alim Qasımovun sənətinə və şəxsiyyətinə hörmət etdiyini də vurğulayıb. O, Qasımovu “böyüyümüz”, “ağsaqqal”, “böyük sənətkar” və “ustad” adlandıraraq onu heç vaxt danmadığını bildirib. 
///Milli.az