“Kupça”sız evlərə sənəd almağın yolu: qanun nə deyir?

“Kupça”sız evlərə sənəd almağın yolu: qanun nə deyir?

Azərbaycanda çıxarışı olmayan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi aktuallığını qoruyur. Belə evlərin bir qismində müəyyən sənədlər olsa da, onlar hüquqi baxımdan mülkiyyət hüququnu təsdiqləmir. Digər qismində isə heç bir hüquqmüəyyənedici sənəd yoxdur və tikililər özbaşına inşa edilib.

Azmedia.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində özbaşına tikinti və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı müddəalar yer alıb.

Məcəlləyə əsasən, tikinti üçün ayrılmamış torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti norma və qaydaları ciddi şəkildə pozulmaqla inşa edilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab olunur.

Özbaşına tikinti aparan şəxs həmin tikiliyə avtomatik olaraq mülkiyyət hüququ qazanmır. Belə əmlaka mülkiyyət hüququ məhkəmə tərəfindən yalnız tikintinin aparıldığı torpaq sahəsi həmin şəxsin mülkiyyətində olduqda tanına bilər.

Bununla belə, tikilinin saxlanılması digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozarsa, yaxud insanların həyatı və sağlamlığı üçün təhlükə yaradarsa, məhkəmə həmin tikiliyə mülkiyyət hüququnu tanıya bilməz.

Digər tərəfdən, qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakın faktiki sahibinin mülkiyyətçi kimi qeydə alınmasını da mümkün hesab edir.

Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, şəxs dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi kimi 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, onun mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb etmək hüququ var.

Lakin praktikada bu 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi 1 sentyabr 2000-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edildiyi hallara rast gəlinir. Belə yanaşma əsasında faktiki mülkiyyətçilərin müvafiq qaydada qeydiyyata alınmasının 2030-cu ildən sonra mümkün olacağı ehtimal edilir.

Halbuki Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik müddətin yalnız 2000-ci ildən sonra yaranmış münasibətlərə şamil edilməsini məcburi edən hər hansı qanunvericilik məhdudiyyəti yoxdur.

Mülki Məcəllənin 7.1-ci maddəsinə görə, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, mülki qanunvericilik normaları geriyə qüvvəyə malik deyil və qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq olunur.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə şamil edilməsi nəzərdə tutulur.

Mülki Məcəllənin 178.6-cı maddəsinin geriyə tətbiq olunması fiziki və hüquqi şəxslərin vəziyyətini pisləşdirmir. Çünki həmin maddə daşınmaz əmlakın faktiki sahibinin mülkiyyətçi kimi qeydiyyata alınması üçün əsas şərtlərdən biri olaraq əmlaka etirazsız sahiblik edilməsini müəyyənləşdirir.

Beləliklə, dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edən şəxs mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb edə bilər.

///qafqazinfo.az