Toy məclisi təşkil edərkən əlavə xərcə düşməmək üçün nələrə diqqət edilməlidir?- VİDEO
Toy, nişan və digər məclislərin təşkili zamanı yalnız menyunun qiymətini nəzərə almaq kifayət etmir. Musiqi, dekorasiya və çəkiliş xidmətləri ümumi büdcənin artmasına səbəb ola bilər.
Azmedia.Az xəbər verir ki, 100 nəfərlik məclis üçün adambaşına 100 manatlıq menyu seçildikdə belə, ümumi xərcin 10 min manatla məhdudlaşacağına zəmanət yoxdur. Bunun səbəbi göstərilən məbləğin yalnız menyunun dəyərini əhatə etməsidir. Musiqi, dekorasiya və çəkiliş xidmətləri ayrıca ödəniş tələb etdikdə isə yekun məbləğ daha da yüksəlir.
Toy, nişan, ad günü və banketlər üçün təqdim olunan xidmətlərin qiymətləri məkanın xüsusiyyətlərinə görə fərqlənir.
Xəzər TV-nin məlumatına görə, restoran meneceri Anar Əhmədov çalışdığı məkanda menyunun qiyməti ilə digər xidmətlərin dəyərinin ayrı-ayrılıqda hesablandığını bildirib.
Restoran direktorunun assistenti Murad Əliyev isə əlavə xidmətlərin qiymətinin seçilən proqramdan asılı olaraq dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, bu xidmətlər üçün ayrılacaq büdcə müştərinin istəkləri nəzərə alınmaqla müəyyənləşdirilir.
Marketinq üzrə mütəxəssis Sabit Məmmədovun fikrincə, restoran seçərkən adambaşına düşən qiymət yeganə meyar olmamalıdır. İlkin qiymət müştərinin seçimində mühüm rol oynasa da, məkanla razılıq əldə edilərkən bütün xidmətlərin ümumi dəyəri hesablanmalıdır.
Mütəxəssis məclis üçün restoranın aylar əvvəldən bron edildiyi hallarda menyunun tərkibinin və ödəniş şərtlərinin yazılı şəkildə razılaşdırılmasını tövsiyə edir. Bu yanaşma məclis sahibinə xərclərini əvvəlcədən planlaşdırmağa, restoranın isə sifarişi aydın və razılaşdırılmış şərtlərlə qəbul etməsinə imkan yaradır.


