Kəlbəcərdə işaxtaranlar üçün 90-dan çox vakansiya təqdim ediləcək-
Kəlbəcər rayonunda ilk dəfə təşkil ediləcək əmək yarmarkasında müxtəlif sahələr üzrə iş imkanları təqdim ediləcək.
Azmedia.Az xəbər verir ki, əmək yarmarkası sentyabrın 8-də saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, tədbir çərçivəsində işaxtaran şəxslər üçün 16 dövlət və özəl müəssisə tərəfindən 90-dan çox vakansiya təqdim olunacaq.
Yarmarkada müxtəlif peşə və vəzifələr üzrə iş imkanlarının təqdim edilməsi nəzərdə tutulur. Vakansiyalar arasında mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı və aşpaz kimi vəzifələr də yer alır.
Tədbirə qatılan şəxslər yalnız mövcud vakansiyalarla tanış olmaqla kifayətlənməyəcək, eyni zamanda aktiv məşğulluq proqramları və həyata keçirilən digər layihələr barədə məlumat əldə edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqəsini özləri ilə gətirmələri tələb olunur.


