Dövlət qulluğuna qəbul qaydaları dəyişdi: bu şəxslər vəzifə tuta bilməyəcək
Milli Məclis Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Yeni sənəddə dövlət qulluğuna qəbul şərtləri, sertifikatların qüvvədəolma müddəti və qulluqçuların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı bir sıra müddəalar yer alıb.
Azmedia.Az xəbər verir ki, Milli Məclis “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Oxu.az-a istinadən yayılan məlumata görə, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənən dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər bir dəfə müsabiqədə iştirak etmədən dövlət qulluğu vəzifəsinə təyin edilə biləcəklər.
Bunun üçün namizəd müvafiq dövlət orqanına müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir. Daha sonra həmin şəxs beş iş günü ərzində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri isə onu vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Belə şəxslərin stajorluq və sınaq müddətində qulluq keçməsi, eləcə də daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi məsələləri Məcəllənin 29-cu maddəsi — vakant vəzifəyə təyin edilmə qaydaları ilə tənzimlənəcək.
Bununla yanaşı, yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanının rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş yolu ilə həyata keçiriləcək.
Dövlət qulluqçularının fəaliyyəti hansı meyarlarla qiymətləndiriləcək?
Yeni qaydalara əsasən, dövlət qulluqçularının il ərzindəki xidməti fəaliyyəti üç klasterdə birləşdirilən doqquz səriştə əsasında qiymətləndiriləcək.
Nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə olunması, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir.
Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır.
Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir.
Rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularının xidməti fəaliyyəti bu meyarlarla yanaşı, liderlik klasterində birləşdirilən üç səriştə üzrə də qiymətləndiriləcək. Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir.
Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıb
Sənəddə Dövlət Qulluğu Məcəlləsinin tətbiq edilməyəcəyi vəzifələr də müəyyənləşdirilib.
Məcəllədə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onun müddəaları Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə, Milli Məclisin deputatlarına, baş nazirə və onun müavinlərinə, məhkəmələrin hakimlərinə, İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) şamil edilməyəcək.
Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri, Mərkəzi Seçki Komissiyasının sədri, sədr müavinləri, katibləri və üzvləri, Hesablama Palatasının sədri, sədr müavini və auditorları, Ali Attestasiya Komissiyasının sədri və sədr müavini, Media və Yayım Şurasının sədri və digər üzvləri də bu qaydaların əhatə dairəsinə daxil edilməyəcəklər.
Bu istisnalar yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının baş nazirinə və onun müavinlərinə, həmin muxtar respublikada Prezidentin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, eləcə də Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə də aiddir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, sədr müavinləri, katibi və üzvləri, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, habelə hərbi qulluqçular da Məcəllənin müddəalarından istisna edilirlər.
Dövlət qulluğu sertifikatının müddəti azaldılır
Qanun layihəsində dövlət qulluğu sertifikatının qüvvədəolma müddətinin dəyişdirilməsi də nəzərdə tutulub. Sənədə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddəti beş ildən iki ilə endiriləcək.
Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum rübdə ən azı bir dəfə test imtahanları təşkil edəcək. İmtahanda iştirak üçün ödənişin məbləği də həmin qurum tərəfindən müəyyənləşdiriləcək.
İlk dəfə müsabiqədə iştirak edən şəxslər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eləcə də şəhid ailələrinin üzvləri üçün test imtahanında iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qüvvədə olan dövlət qulluğu sertifikatına sahib şəxslər sertifikatın qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə biləcəklər. Beşdən artıq vəzifə üzrə müsahibə mərhələsində iştirak etmək üçün ödəniləcək məbləğ isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.
Kimlər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək?
Qanun layihəsinə əsasən, digər dövlətin vətəndaşlığını qəbul etmiş və ya başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifələrini tuta bilməyəcəklər.
Bundan əlavə, aşağıdakı şəxslərin dövlət qulluğu vəzifələrini tutmasına məhdudiyyət qoyulacaq:
- 65 yaşı tamam olmuş şəxslər (Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulan müddəa nəzərə alınmaqla);
- Fəaliyyət qabiliyyətinin olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmiş şəxslər, eləcə də məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən siyahısı təsdiqlənən xəstəliklər səbəbindən dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
- Məcəllənin 41.1.10-cu maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş şəxslər — altı ay ərzində.
Qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra səsverməyə çıxarılıb və üçüncü, yəni son oxunuşda qəbul olunub.
///Oxu.az


