Serhat Mustafa Kılıçdan acı xəbər – aktyor evində ölü tapıldı

Serhat Mustafa Kılıçdan acı xəbər – aktyor evində ölü tapıldı

Türkiyənin tanınmış aktyoru Serhat Mustafa Kılıçdan acı xəbər gəlib. Aktyor İstanbulda yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.

Azmedia.Az xəbər verir ki, 51 yaşlı Serhat Mustafa Kılıçdan 1-2 gündür xəbər almaq mümkün olmayıb.

Məlumata görə, aktyorun sevgilisi onun evinə gəlib. Qapını açan olmadıqda vəziyyətdən şübhələnən qadın polisə və təcili tibbi yardım xidmətinə məlumat verib.

Hadisə yerinə gələn əməkdaşlar Serhat Mustafa Kılıçı evdə hərəkətsiz vəziyyətdə aşkar ediblər. İlkin müayinələr zamanı onun göz ətrafında, eləcə də qol və ayaqlarında morluqların olduğu müəyyənləşdirilib.

Bununla belə, aktyorun bədənində kəsici və ya deşici alətdən yaranan xəsarətlərin olmadığı bildirilib. Onun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Kılıçın meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Serhat Mustafa Kılıç Türkiyədə teatr, kino və televiziya layihələrindəki rolları ilə tanınır. O, xüsusilə “Seksenler” serialında canlandırdığı obrazla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Aktyor həmçinin “Söz” serialında da rol alaraq tamaşaçıların yaddaşında qalıb.