Məşhur aktrisa haqqında 2,5 milyon dollarlıq iddia yayıldı – Özü sərt cavab verdi

Məşhur aktrisa haqqında 2,5 milyon dollarlıq iddia yayıldı – Özü sərt cavab verdi

Türkiyəli aktrisa Devrim Özkanın ərəb şeyxi ilə bir saatlıq şam yeməyində iştirak etmək müqabilində 2,5 milyon dollar təklif aldığı və bu səbəbdən Dubaya getdiyi iddia olunub. Müzakirələrə səbəb olan məlumatlardan sonra aktrisanın menecerlik şirkəti açıqlama yayıb, Özkan isə iddiaları yayanlara hüquqi tədbir görüləcəyini bildirib.

Azmedia.Az xəbər verir ki, Türkiyəli aktrisa Devrim Özkanın ərəb şeyxi ilə şam yeməyi üçün Dubaya getdiyi və bunun müqabilində 2,5 milyon dollar təklif aldığı barədə yayılan məlumatlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mətbuatda yayılan iddialara əsasən, aktrisa ərəb şeyxinin onunla bir saatlıq şam yeməyi keçirmək üçün etdiyi 2 milyon 500 min dollarlıq təklifi qəbul edərək Dubaya yollanıb.

Lakin Devrim Özkanın menecerlik şirkəti məsələ ilə bağlı rəsmi açıqlama yayaraq bu məlumatları qəti şəkildə təkzib edib.

Engin Aykanat Management şirkətinin bildirdiyinə görə, aktrisa qlobal brendlə əməkdaşlıq çərçivəsində xüsusi jurnal üz qabığı üçün fotosessiyada iştirak etmək məqsədilə Dubayda səfərdədir.

Açıqlamada Devrim Özkan haqqında mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyi, heç bir konkret fakta əsaslanmadığı vurğulanıb. Şirkət təsdiqlənməmiş məlumatların yayılmasına etiraz edib və bu xəbərləri qınayıb.

Menecerlik şirkətinin açıqlamasını şəxsi sosial media hesabında paylaşan Devrim Özkan da iddiaları yayanlara sərt reaksiya verib.

Aktrisa ironik şəkildə yayılan xəbərlərdə qeyd olunan məbləğin ona ödənilməsini arzuladığını bildirib. O, həmin vəsait hesabına baytarlıq klinikalarına borcu olan heyvansevərlərin xərclərini qarşılaya biləcəyini qeyd edib.

Özkan, həmçinin vəkili ilə birlikdə əlində olan 100-dən çox ekran görüntüsünü hüquqi müstəvidə təqdim edəcəyini və böhtan xarakterli məlumatları yayan şəxslərlə məhkəmə qarşısında hesablaşacağını açıqlayıb.

Aktrisa paylaşımında bu ifadələrə yer verib:

“Mən də bunu əlavə edim. Məncə, həmin xəbərləri yaymağa davam edin ki, qeyd etdiyiniz məbləği sizdən alaraq klinikalara borcu olan heyvansevərlərin borclarını sizin sayənizdə bağlayım. Vəkilimlə birlikdə əlimizdəki 100-dən çox ekran görüntüsü ilə ədalət qarşısında hesablaşacağıq. Sizi öpürəm, xahiş edirəm, böhtan atmağa davam edin”.

Beləliklə, həm aktrisanın menecerlik şirkəti, həm də Devrim Özkan özü yayılan iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.