Bir ədədi 1300 manata satılan siqarları kimlər alır? Azərbaycanda maraqlı mənzərə- FOTO

Bir ədədi 1300 manata satılan siqarları kimlər alır? Azərbaycanda maraqlı mənzərə-

Azərbaycana gətirilən siqarların sayı azalsa da, idxalına xərclənən vəsait artıb. Satıcılar bahalı və premium məhsullara marağın gücləndiyini bildirir, iqtisadçılar isə bu vəziyyətin istehlakçıların sayından daha çox bazarın strukturundakı dəyişikliklərlə əlaqəli ola biləcəyini qeyd edirlər.

Azmedia.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar idxal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 46 faiz artıb, məhsulların sayı isə 49 faiz azalıb. Siqarların əsas idxal olunduğu ölkələr Almaniya, Kuba, Dominikan Respublikası, Nikaraqua və Hondurasdır.

Bəs Azərbaycanda siqarlara maraq son dövrdə necə dəyişib və bu məhsulları əsasən kimlər alır?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin hazırladığı reportajda bazardakı vəziyyət, qiymətlər və istehlakçıların seçimləri araşdırılıb.

Siqarlara maraq artır

Cigars.az şirkətinin icraçı direktoru Tural İsmayılovun sözlərinə görə, son dövrlərdə Azərbaycanda siqarlara maraq artıb.

O bildirib ki, xüsusilə siqarı həyat tərzinin və premium təcrübənin bir hissəsi hesab edən müştərilərin sayı çoxalıb. Seçim zamanı Kuba siqarları əvvəlki kimi xüsusi yer tutur. Bununla yanaşı, Dominikan Respublikası və Nikaraqua istehsalı olan məhsullara da maraq göstərilir.

Tural İsmayılovun sözlərinə görə, müştərilər artıq yalnız tanınmış markalara üstünlük vermir, eyni zamanda fərqli dad xüsusiyyətlərinə və şəxsi zövqlərinə uyğun məhsullarla da maraqlanırlar.

Siqar seçiminə təsir edən əsas amillər marka, keyfiyyət, mənşə ölkəsi və qiymətdir. Təcrübəli istifadəçilər daha çox tütünün keyfiyyətinə, dad xüsusiyyətlərinə, gücünə və ölçüsünə diqqət yetirirlər. Yeni başlayanlar üçün isə marka və qiymət daha vacib ola bilər.

Qiymətlər 12 manatdan 1300 manatadək dəyişir

Tural İsmayılovun fikrincə, siqar bazarında qiymət baxımından geniş seçim imkanları mövcuddur. Həm orta qiymət kateqoriyasına daxil olan məhsullara, həm də premium və super-premium siqarlara tələbat var.

O qeyd edib ki, son dövrlərdə daha yüksək qiymət seqmentində yer alan keyfiyyətli məhsullara marağın artdığı müşahidə olunur. Bir ədəd siqarın qiyməti 12 manatdan başlayır və 1300 manatadək yüksəlir.

Bazarda hansı siqarlar satılır?

Bakıda aparılan araşdırma zamanı nəzərdən keçirilən məhsulların qiyməti bir ədəd üçün təxminən 14 manatdan başlayaraq 135 manatadək yüksəlib.

Nisbətən münasib qiymətə təklif olunan Kuba istehsalı “Quintero Favoritos” siqarının qiyməti 14 manat, Nikaraqua mənşəli “Cusano Nicaragua Robusto” məhsulunun qiyməti isə təxminən 16 manatdır. Bazarda 20-35 manat aralığında müxtəlif premium siqarlar da təqdim olunur. Kuba istehsalı olan “H.Upmann Coronas Major” modelinin qiyməti təxminən 24 manat təşkil edir.

Daha yüksək qiymət kateqoriyasında Nikaraqua mənşəli “AJ Fernandez” markasının müxtəlif modelləri 29-50 manat arasında satılır. “Aging Room” seriyasına daxil olan bəzi məhsulların qiyməti isə 48 manat civarındadır.

“Villiger” markasının ayrı-ayrı modellərində qiymətlər 70-80 manatadək yüksəlir. Kuba siqarları arasında isə daha yüksək qiymətə təklif olunan məhsullar var. Belə ki, “Cohiba Siglo 2” təxminən 93 manata, “Cohiba Medio Siglo” isə 135 manat civarında satışa çıxarılır.


Siqar idxalının dəyəri niyə yüksəlib?

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, diqqət çəkən əsas məqam idxal edilən siqarların fiziki həcminin azalmasına baxmayaraq, onların ümumi dəyərinin artmasıdır. Bu vəziyyət bir ədəd məhsulun orta idxal qiymətinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

O bildirib ki, mövcud vəziyyət bazarda yalnız qiymət artımını deyil, idxal olunan məhsulların strukturunun dəyişməsi ehtimalını da gündəmə gətirir.

Hesabat dövründə Almaniyadan Azərbaycana idxal edilən siqarların sayı 1,17 milyon ədədə çatıb. Eyni zamanda, Dominikan Respublikasından idxalın dəyəri yeddi dəfə, Nikaraquadan idxalın dəyəri isə 11 dəfə artıb. Digər tərəfdən, Kubadan gətirilən siqarların həm dəyərində, həm də sayında azalma qeydə alınıb.

İqtisadçı vurğulayıb ki, müxtəlif ölkələrdə istehsal olunan məhsullar qiymət və keyfiyyət baxımından eyni deyil. Buna görə də müəyyən ölkələrdən və ya daha yüksək qiymət kateqoriyasına aid məhsullardan idxalın payının artması ümumi idxal dəyərinin yüksəlməsinə səbəb ola bilər.

Bununla yanaşı, logistika, daşınma və digər idxal xərclərində baş verən dəyişikliklər də məhsulların son maya dəyərinə təsir göstərir.

Günay Hüseynova premium siqarlara marağın artması ehtimalını da istisna etmir. Onun sözlərinə görə, idxalın ölkələr üzrə bölgüsündəki dəyişikliklər müəyyən təhlillər aparmağa imkan verir.

Dominikan Respublikası və Nikaraqua kimi siqar istehsalı ilə tanınan ölkələrdən idxalın artması bazarda daha fərqli və nisbətən bahalı məhsullara marağın yarandığını göstərə bilər. Bu vəziyyət istehlakçı seçimlərinin dəyişməsi ehtimalını da gündəmə gətirir.

İqtisadçı hesab edir ki, bütün bunlar Azərbaycanda siqar bazarının tədricən daha geniş çeşidli məhsulların, o cümlədən premium siqarların yer aldığı bazara çevrilməsi ehtimalını artırır.

İdxalın artması siqar istifadəçilərinin çoxalması demək deyil

Günay Hüseynova qeyd edib ki, idxal statistikasındakı artımı birbaşa siqar çəkənlərin sayının çoxalması kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, siqardan istifadə edənlərin sayına dair ayrıca və dolğun statistika mövcud deyil. İdxalın dəyərinin yüksəlməsi istehlakçı sayının artması ilə yanaşı, daha bahalı məhsulların gətirilməsi, qiymət dəyişiklikləri və idxal olunan məhsulların strukturunun dəyişməsi ilə də əlaqəli ola bilər.

Hazırda bazarda siqarların qiymətləri mənşə ölkəsindən, markasından və kateqoriyasından asılı olaraq geniş diapazonda dəyişir. Premium seqmentdə bir ədəd siqarın qiyməti adi tütün məhsulları ilə müqayisədə dəfələrlə yüksəkdir.

Bu səbəbdən say baxımından az miqdarda, lakin daha yüksək qiymətli məhsulların idxalı ümumi idxal dəyərinin artmasına ciddi təsir göstərə bilər.

İqtisadçının fikrincə, 2026-cı ilin ilk yeddi ayına aid statistikanı Azərbaycanda siqar bazarında kəmiyyət artımından daha çox struktur dəyişiklikləri baxımından qiymətləndirmək məqsədəuyğundur.

O bildirib ki, əsas diqqət siqarların sayının azalmasına baxmayaraq, idxalın dəyərinin yüksəlməsinə yönəldilməlidir. Mövcud rəqəmlərə əsasən, siqar istehlakının kəskin artdığı nəticəsinə gəlməkdənsə, daha az sayda, lakin daha yüksək dəyərə malik məhsulların idxalının artdığını söyləmək daha əsaslıdır.

Bu tendensiyanın davamlı olub-olmadığını isə ilin sonrakı aylarında və daha uzunmüddətli statistik göstəricilər əsasında müəyyənləşdirmək mümkün olacaq.

///Kaspi