Biləcəridə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq- XƏBƏRDARLIQ
Bakının Biləcəri qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müəyyən müddətə tam dayandırılacaq.
Azmedia.Az xəbər verir ki, məhdudiyyət Binəqədi rayonu ərazisində yerləşən Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində tətbiq ediləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, sözügedən ərazidə təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Məhdudiyyət təmir işləri yekunlaşanadək qüvvədə olacaq.
Bu müddət ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP əməkdaşları ərazidə müvafiq tənzimləmə tədbirləri həyata keçirəcəklər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri və digər hərəkət iştirakçılarını tətbiq ediləcək müvəqqəti məhdudiyyəti nəzərə almağa, həmçinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməyə çağırıb.


