İki xanıma yüksək vəzifə verildi – Adları və tərcümeyi-halları AÇIQLANDI-FOTO

İki xanıma yüksək vəzifə verildi –

Azərbaycanda iki dövlət kollecinə yeni direktor müavinləri təyin olunub.

Azmedia.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində təhsil menecmenti üzrə magistratura təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2021-ci ildə Laçın rayonunun Vəliuşaqlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində rayon üzrə koordinator vəzifəsində çalışıb.

Kəmalə Əliyeva isə Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə bakalavr, ADA Universitetində təlimin və tədrisin təşkili və metodikası üzrə magistr təhsili alıb.

O, 1995–2011-ci illərdə Salyan şəhərində yerləşən 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib.

2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində müxtəlif vəzifələrdə, o cümlədən müəllim, əyani şöbə müdiri və keyfiyyət təminatı şöbəsinin müdiri kimi çalışıb.

Agentliyin məlumatına görə, Kəmalə Əliyeva peşəkar fəaliyyəti müddətində müxtəlif yerli və beynəlxalq təlimlərdə və konfranslarda iştirak edib, orta ixtisas təhsili sahəsində tədqiqat işlərinin müəllifi olub.