Bakının bu qəsəbəsi şəhərə çevrilə bilər: Torpaqların qiyməti 2-3 dəfə artacaq

Bakının bu qəsəbəsi şəhərə çevrilə bilər: Torpaqların qiyməti 2-3 dəfə artacaq

Bakının Hövsan qəsəbəsində yaxın illərdə əhalinin sayının əhəmiyyətli dərəcədə artacağı və ərazinin şəhər statusu ala biləcəyi ehtimal edilir. Eyni zamanda, qəsəbədə daşınmaz əmlaka tələbatın və torpaq sahələrinin qiymətinin yüksələcəyi gözlənilir.

Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Bakupost”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın dövrdə Hövsanda əhalinin sayının ən azı iki dəfə artacağı, hətta qəsəbəyə şəhər statusunun verilə biləcəyi ehtimal olunur.

Vüqar Oruc qeyd edib ki, əhalinin çoxalması və ticarət əlaqələrinin genişlənməsi ərazidə yeni MİDA yaşayış binalarının inşasına, eləcə də daşınmaz əmlaka tələbatın yüksəlməsinə şərait yaradacaq.

“Son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb. Əvvəllər 2-3 min olan torpaq sahələrinin qiyməti hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir. Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər”, – deyə o bildirib.