Məmurlara yeni QADAĞALAR: Vəzifədən gedəndən sonra da 2 il müddətinə məhdudiyyət olacaq

Məmurlara yeni QADAĞALAR: Vəzifədən gedəndən sonra da 2 il müddətinə məhdudiyyət olacaq

Azərbaycanda vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər müəyyənləşdirilir. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsində dövlət qulluqçularının əlavə fəaliyyəti, reklamla məşğul olması, xidməti məlumatlardan istifadəsi və digər məsələlərlə bağlı bir sıra tələblər nəzərdə tutulub.

Azmedia.Az xəbər verir ki, məlumata görə, söhbət Milli Məclisin noyabrın 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsindən gedir.

Layihədə vəzifəli şəxslər üçün nəzərdə tutulan məhdudiyyətlər əksini tapıb.

Hədiyyələrin qəbulu və sadə qonaqpərvərlikdən istifadə ilə bağlı məhdudiyyətlərin isə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla müəyyən edildiyi bildirilib.

Qanun layihəsinə əsasən, vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi maraqlarının olduğu məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə münasibətlərdə təmsil etdiyi qurumun adından çıxış edə bilməz.

Bundan başqa, vəzifəli şəxsin qulluq etdiyi müddətdə çalışdığı qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olması qadağan edilir. O, vəzifəsindən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra da iki il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxsləri təmsil edə bilməz.

Layihədə vəzifəli şəxslərin əlavə iş və kənar fəaliyyətlə məşğul olması ilə bağlı da məhdudiyyətlər nəzərdə tutulur.

Belə ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta, o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında işləyə, eləcə də kənar fəaliyyətlə məşğul ola bilməz.

Vəzifəli şəxsin əlavə vəzifə tutmasına və ya kənar fəaliyyət göstərməsinə yalnız həmin fəaliyyət əsas vəzifəsinin icrası ilə maraqlar toqquşması yaratmadığı və xidməti öhdəliklərini effektiv şəkildə yerinə yetirməsinə mane olmadığı halda icazə verilə bilər.

İş vaxtından kənar saatlarda həyata keçirilən və xidməti vəzifələrin icrası ilə əlaqəli olmayan fəaliyyət isə maddi və digər nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi təqdirdə kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxslər elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Konstitusiya və qanunların tələblərinə uyğun şəkildə məşğul ola bilərlər.

Sənəddə reklam fəaliyyəti ilə bağlı da xüsusi qadağa yer alıb. Vəzifəli şəxs reklamla məşğul ola, şəxsi maraqları naminə, o cümlədən hər hansı ödəniş müqabilində sahibkara, onun istehsal və ya idxal etdiyi məhsula, gördüyü işə və göstərdiyi xidmətə münasibət bildirə bilməz.

Eyni zamanda, vəzifəli şəxslərin xidməti məlumatlardan istifadəsinə də məhdudiyyət qoyulur. Onlar xidməti funksiyalarının icrası ilə bağlı əldə etdikləri məlumatlardan, eləcə də qanunla qorunan sirlərdən həm işlədikləri müddətdə, həm də vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra xidməti fəaliyyətlə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. Bu qadağa həmin məlumatlardan özlərinin və ya üçüncü şəxslərin xeyrinə yararlanmağı da əhatə edir.

Qanun layihəsində dövlət və bələdiyyə əmlakından istifadə qaydaları da müəyyənləşdirilib. Vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, eləcə də digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.

Qeyd edək ki, “Maraqlar toqquşması haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.