İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması barədə Sərəncam imzalayıb-
2026-cı ilin oktyabr ayında keçiriləcək müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı yeni qərar verilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hərbi xidmətə çağırılacaq və ehtiyata buraxılacaq şəxslərin kateqoriyaları müəyyənləşdirilib.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması, eləcə də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək, həmin gün də daxil olmaqla, 18 yaşı tamam olmuş, həmçinin 1996–2007-ci illərdə doğulmuş və yaşı 30-dək olan Azərbaycan vətəndaşları müəyyən edilmiş şərtlər daxilində müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Çağırış həmin şəxslərə şamil olunacaq:
Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən;
müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan;
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşlarına.
Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində müəyyən edilən xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da 2026-cı il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Beləliklə, növbəti müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması prosesi oktyabr ayı ərzində həyata keçiriləcək.


