Naftalanda 1400-dən çox şəhid ailəsi üzvü və qazi müalicə alıb - FOTOLAR
Naftalanda şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla davam etdirilir
Azmedia.Az-ın məlumatına görə, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğı onların sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdə də öz əksini tapır.
Bu istiqamətdə fəaliyyət göstərən aparıcı müəssisələrdən biri olan **“Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”**ndə ictimaiyyət nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar həkim heyəti ilə fəaliyyət göstərən mərkəz şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi veteranları və Vətən müharibəsi qazilərinin reabilitasiyası üzrə ixtisaslaşmış tibb müəssisələrindən biridir. Burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilər, eləcə də digər imtiyazlı şəxslər üçün müasir tibbi yanaşmalar əsasında müalicə və reabilitasiya xidmətləri göstərilir.
Qeyd olunub ki, hazırda mərkəzdə 200-ə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən çox şəhid ailəsi üzvü və qazi hərtərəfli tibbi müayinədən keçirilib, onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramları hazırlanıb. Bu prosesin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Müalicə kursu 14 gün davam edir. Mərkəzdə əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi aparılır. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlimterapiya, ozonoterapiya, hidrokolonoterapiya və Naftalan nefti vannaları daxildir.
Qeyd edilib ki, mərkəzdə həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, onların gündəlik həyata daha tez qayıtmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Ehtiram Muradov
Azmedia.Az


