Azərbaycan Serbiyada 500 MVt-lıq qaz elektrik stansiyası tikəcək – birgə şirkət yaradılır-

Azərbaycan Serbiyada 500 MVt-lıq qaz elektrik stansiyası tikəcək – birgə şirkət yaradılır-

Azərbaycan və Serbiya arasında enerji sahəsində yeni birgə layihənin həyata keçirilməsi ilə bağlı danışıqlar yekunlaşıb.

Azmedia.Az xəbər verir ki, Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyi, “Elektroprivreda Srbije” (EPS), “Srbijagas” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri İstanbulda Niş şəhərində qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişini razılaşdırıblar.

Serbiya hökumətinin məlumatına görə, üç şirkət arasında müvafiq sazişin yaxın bir ay ərzində Belqradda imzalanması planlaşdırılır.

Layihəyə əsasən, yeni qaz elektrik stansiyasının ümumi gücü 500 MVt-a qədər olacaq. Müəssisədə həm elektrik, həm də istilik enerjisi istehsal ediləcək. Tikinti işlərinin dörd il ərzində tamamlanması nəzərdə tutulur.

Serbiya hökuməti layihəni EPS, “Srbijagas” və SOCAR arasında ilk birgə təşəbbüs kimi qiymətləndirib. Bildirilib ki, layihə iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qaz elektrik stansiyasının istifadəyə verilməsi Serbiyada elektrik enerjisinə tələbatın artdığı bir şəraitdə enerji təchizatının etibarlılığının yüksəldilməsinə və ölkənin yeni generasiya gücləri əldə etməsinə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi ilə bağlı saziş imzalayıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.

İyunun əvvəlində isə EPS və SOCAR Bakıda layihənin layihələndirilməsi, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənədlərə imza atıblar. Tərəflər həmçinin birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin kommersiya parametrlərini razılaşdırıblar.