Hava kəskin dəyişir: Bakıda güclü külək, bölgələrdə yağış və QAR GÖZLƏNİLİR!- XƏBƏRDARLIQ
Azərbaycanda yaxın günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Paytaxt və Abşeron yarımadasında güclü külək müşahidə olunacaq, bölgələrin bəzi dağlıq ərazilərində isə yağış və qar yağacağı ehtimal edilir.
Azmedia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılsa da, səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Güclü qərb və şimal-qərb küləyinin gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı bildirilir.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz isə 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı müşahidə olunacaq.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bəzi ərazilərdə arabir duman müşahidə ediləcək.
Bölgələrdə mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə isə küləyin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.



