Ebola sürətlə yayılır: ÜST-dən təhlükəli epidemiya ilə bağlı XƏBƏRDARLIQ

Ebola sürətlə yayılır:

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə bağlı vəziyyət ciddi olaraq qalır. ÜST epidemiyanın geniş coğrafiyaya yayıldığını və gizli yoluxma zəncirlərinin hələ də mövcud olduğunu açıqlayıb.

Azmedia.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Qebreyesusun sözlərinə görə, hazırkı epidemiya miqyasına görə Ebola tarixində ikinci ən böyük epidemiya olmaqla yanaşı, yayılma sürətinə görə indiyədək müşahidə edilən ən sürətli epidemiya hesab olunur. O, epidemiyanın eyni zamanda geniş coğrafi ərazini əhatə etdiyini vurğulayıb.

ÜST rəhbəri ölümcül infeksiyanın yayılmasının əsas səbəblərindən birinin təhlükəsiz dəfn mərasimlərinin təşkili üçün lazımi şəraitin olmaması olduğunu qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən yoluxmalarla bağlı ölüm hallarının əhəmiyyətli hissəsi hələ də birbaşa yerli icmaların daxilində baş verir.

Qebreyesus bildirib ki, virusun bütün gizli ötürülmə zəncirləri müəyyənləşdirilməli və sanitar vəziyyət sabitləşdirilməlidir. Əks halda, regionda Ebola virusunun daha geniş yayılmasının qarşısını almaq mümkün olmayacaq.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin KDR-dəki nümayəndəsi Jülyen Harneys isə avqustun 20-də açıqlamasında bildirib ki, son 20 gün ərzində virus infeksiyası nəticəsində qeydə alınan 2 500 ölüm hadisəsinin yarısı Ebolanın payına düşüb.

Harneys epidemiyanın artıq 30 ildir silahlı münaqişənin davam etdiyi regionda baş verdiyini diqqətə çatdırıb. O, bunun bölgədə humanitar ehtiyacların yüksək səviyyədə qalmasına səbəb olduğunu qeyd edib.

“Reuters” agentliyinin avqustun 11-də yaydığı məlumata əsasən, epidemiya virusun heyvandan insana keçməsi ilə bağlı yeni yoluxma halından sonra başlayıb və daha sonra insanlar arasında yayılıb. Aparılan araşdırmalara baxmayaraq, epidemiyanın başlanmasına səbəb olduğu ehtimal edilən heyvan müəyyənləşdirilməyib.