Times Meydanında dəhşətli hadisə: Bıçaqlı qadın 2 nəfərə hücum etdi- VİDEO

Times Meydanında dəhşətli hadisə: Bıçaqlı qadın 2 nəfərə hücum etdi-

ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Times Meydanında bıçaqlı hücum baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir şəxs yaralanıb.

Azmedia.Az xəbər verir ki, hadisə günorta saatlarında Manhettendə, 7-ci prospekt yaxınlığında qeydə alınıb.

Nyu-York Polis Departamentinin (NYPD) məlumatına görə, Kvins sakini olan 49 yaşlı Pamela Sisneros metrodan çıxdıqdan sonra çantasından iki böyük mətbəx bıçağı çıxararaq küçədəki insanlara hücum edib.

Məlumata əsasən, qadın ilk olaraq həyat yoldaşı ilə yolu keçən 68 yaşlı kişiyə hücum edərək onu qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilib.

Hadisədən təxminən 20 saniyə sonra Sisneros 42-ci küçə istiqamətində hərəkət edərək 32 yaşlı başqa bir qadına hücum edib. Qarın nahiyəsindən ağır xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.

Polisin bildirdiyinə görə, hücumların təsadüfi xarakter daşıdığı və hər hansı təhrik olmadan törədildiyi ehtimal olunur.

Hadisə yerinə gələn polis əməkdaşları bıçaqlı qadını mühasirəyə alaraq silahları yerə qoymasını tələb edib. Sisneros bıçaqları yelləyərək polis əməkdaşlarının üzərinə doğru hərəkət etdikdə ona atəş açılıb.

Yaralı qadın xəstəxanaya çatdırılsa da, burada həyatını itirib.

NYPD hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb.