Siqaret qaçaqmalçılığı üzrə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək-
Siqaret qaçaqmalçılığı ilə əlaqədar barəsində beynəlxalq axtarış elan edilmiş Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı prosedur razılaşdırılıb.
Azmedia.Az xəbər verir ki, Baş Prokurorluğun məlumatına əsasən, Azərbaycan və Ukrayna prokurorluqları arasında aparılan danışıqlar və təqdim olunan zəruri sənədlər nəticəsində Tağıyev Ənvər Həsən oğlunun Azərbaycana təhvil verilməsi barədə razılıq əldə olunub.
Məlumata görə, Ənvər Tağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi çərçivəsində qaçaqmalçılıqda və aksiz markası ilə markalanmalı olan yükün müvafiq nişanlama aparılmadan satış məqsədilə saxlanılmasında şübhəli bilinir.
İstintaqdan yayınaraq gizləndiyi üçün onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb və İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Aparılan tədbirlər nəticəsində Tağıyevin Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və onun saxlanılması təmin olunub.
Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi üçün zəruri prosedurlar həyata keçirilir. Baş Prokurorluq bildirir ki, beynəlxalq axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində xarici dövlətlərin aidiyyəti qurumları və İnterpol ilə əməkdaşlıq davam etdiriləcək.


