DİN vətəndaşlara xəbərdarlıq etdi: Dövlət qurumlarının adından edilən saxta zənglərə inanmayın- TƏCİLİ XƏBƏRDARLIQ

DİN vətəndaşlara xəbərdarlıq etdi: Dövlət qurumlarının adından edilən saxta zənglərə inanmayın-

Vətəndaşların bank hesablarındakı vəsaitlərini hədəf alan yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edilib. Fırıldaqçılar dövlət qurumlarının adından istifadə edərək insanları maliyyə əməliyyatlarına sövq etməyə çalışırlar.

Azmedia.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzların müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng etdiyini bildirib.

Məlumata görə, zəng edən şəxslər bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi ilə bağlı saxta məlumatlar verir və vətəndaşları pullarını guya qorumaq məqsədilə digər hesablara köçürməyə inandırmağa çalışırlar.

DİN vətəndaşları xarici ölkələrdən dövlət qurumlarının adından edilən zənglərə və göndərilən mesajlara qarşı diqqətli olmağa çağırıb.

Nazirlik şəxsi və bank məlumatlarının qarşı tərəfə təqdim edilməməsini, mobil telefonlara göndərilən təsdiq kodlarının paylaşılmamasını, tanımadıqları keçidlərə daxil olunmamasını və bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı aparılmamasını tövsiyə edib.

DİN xüsusilə vurğulayıb ki, dövlət qurumları vətəndaşlardan telefon zəngləri, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmirlər.

Bu məlumatların üçüncü şəxslərə ötürülməsi bank hesablarında olan vəsaitlərin oğurlanmasına səbəb ola bilər.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşan vətəndaşlar “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.