Hava dəyişir: Azərbaycana yağış, qar və sel gəlir – Temperatur 10 dərəcə enəcək
Bir neçə gündür davam edən mülayim hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Noyabrın 15-i axşam saatlarından etibarən bəzi bölgələrdə yağıntılı və qeyri-sabit hava müşahidə olunacaq.
Azmedia.Az xəbər verir ki, bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu isə əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər saatlarında bəzi ərazilərdə yağış yağacağı ehtimal edilir.
Noyabrın 15-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə qar yağması ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.
Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşam saatlarınadək davam edəcəyi gözlənilir.




