Soçiyə enən sərnişin təyyarəsini ildırım vurdu: Təyyarə zədələndi
Soçiyə eniş etməyə hazırlaşan sərnişin təyyarəsi ildırım zərbəsinə məruz qalıb. Hadisəyə baxmayaraq, pilotlar hava gəmisini təhlükəsiz şəkildə yerə endirə biliblər.
Azmedia.Az xəbər verir ki, “Yamal” Hava Yollarına məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi Soçiyə yaxınlaşarkən ildırım vurmasına məruz qalıb və hadisəyə baxmayaraq, ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə nail olub.
Məlumata görə, Tümendən havaya qalxan təyyarə Adler hava limanına eniş edərkən, təxminən 400 metr yüksəklikdə ekipaj üzvləri parlaq işıq müşahidə edib və güclü partlayış səsi eşidiblər. Buna baxmayaraq, pilotlar eniş prosedurunu uğurla başa çatdırıblar.
Enişdən sonra həyata keçirilən texniki baxış zamanı hava gəmisinin burun hissəsində boyanın soyulduğu və zədələnmənin yarandığı müəyyən edilib.
Hadisədən sonra təyyarəyə yerində müvəqqəti təmir işləri aparılıb. Həmçinin, əsaslı təmir həyata keçirilənədək hava gəmisinin istismarına icazə verilib.

