İşgəncə görən bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda tapılan azyaşlı bacı-qardaşla bağlı rəsmi açıqlama verilib.
Azmedia.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu olaraq bildirib ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılır.
Onun sözlərinə görə, faktla bağlı məlumat daxil olan kimi uşaqların yerləşdirildiyi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlanılıb:
"Uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların fiziki və psixoloji vəziyyətinin qiymətləndirilməsi, zəruri tibbi, psixoloji və sosial xidmətlərlə əhatə olunması istiqamətində tədbirlər həyata keçirilir. Məhkəmə-tibbi ekspertizanın rəyi, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri və digər sübutlar əsasında məsələyə hüquqi qiymət veriləcək. Əgər uşaqlara qarşı zorakılıq faktı təsdiqini taparsa, təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".
Qeyd olunub ki, valideyn himayəsi ilə bağlı məsələlər uşaqların ən üstün mənafeyi prinsipi əsas götürülməklə həll edilir:
"Qanunvericiliyə uyğun olaraq qəyyumluq və himayə orqanları uşaqların ailəyə qaytarılmasının mümkünlüyünü, yaxın qohum yanında yerləşdirilməsini və ya alternativ qayğı formalarını qiymətləndirirlər. Zərurət yarandığı halda, valideyn hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrumetmə məsələsi məhkəmə qaydasında həll olunacaq".
Komitə rəsmisi vurğulayıb ki, aidiyyəti qurumlarla birlikdə uşaqların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və onların normal həyata reinteqrasiyası istiqamətində zəruri dəstək tədbirləri davam etdirilir:
"Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı hər hansı zorakılıq halı ilə rastlaşdıqda bunu gizlətməməyə, dərhal hüquq-mühafizə orqanlarına və müvafiq dövlət qurumlarına məlumat verməyə çağırırıq. Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı hazırda ərazi polis orqanında araşdırma aparılır.
"Azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdiriliblər. Uşaqların anası polis şöbəsinə çağrılaraq izahatı alınıb. Azyaşlıların bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib" , - deyə açıqlamada bildirilib.//olke


