İstisuda çimmək istəyənlər üçün VACİB MƏLUMAT: Ödəniş və icazə tələb olunurmu?
Kəlbəcərin İstisu ərazisində təbii isti mineral sulardan istifadə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər vətəndaşların bu ərazidə çimmək qaydaları ilə bağlı suallarını artırıb.
Azmedia.Az xəbər verir ki, İstisuda insanların təbii mineral sularda çimdiyini göstərən görüntülər son günlər sosial platformalarda geniş yayılıb.
Paylaşımların ardından ərazidəki mineral bulaqlardan istifadə şərtləri ilə bağlı müxtəlif suallar ortaya çıxıb. Xüsusilə İstisuya gələn şəxslərdən əvvəlcədən qeydiyyatdan keçməyin və ya xüsusi icazə əldə etməyin tələb olunub-olunmadığı, həmçinin çimməyin ödənişli olub-olmaması maraq doğurub.
Məsələ ilə bağlı Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimmə ilə bağlı hər hansı xüsusi qayda və məhdudiyyət müəyyən edilməyib.
Qurumun məlumatına əsasən, vətəndaşlar mineral sulardan sərbəst və ödənişsiz şəkildə istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur.
///modern.az


