Timur Mehdiyev istintaqa nə deyib? Atası ilə bağlı açıqlaması üzə çıxdı
Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində ailə üzvləri də şahid qismində dindirilib. Onun oğlu Timur Mehdiyevin ifadəsində atasının səhhəti və yaddaşı ilə bağlı məqamlara toxunulub.
Azmedia.Az xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq zamanı onun ailə üzvləri də şahid qismində dindirilib.
Gununsesi.info-ya istinadən yayılan məlumata görə, Timur Mehdiyevin atasının ittiham olunduğu əməllərlə bağlı istintaqa verdiyi ifadənin təfərrüatları məlum olub.
Timur Mehdiyev ifadəsində atasının bir sıra xəstəliklərdən əziyyət çəkdiyini və yaddaş pozğunluğu yaşadığını bildirib.
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə Timur Mehdiyev qeyd edib.
Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi — dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddə — dövlətə xəyanət, eləcə də 193-1.3.2-ci maddə — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, yəni çirkli pulların yuyulması ilə bağlı ittiham edilir.
Sabiq Prezident Administrasiyası rəhbərinin məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
///Gununsesi.info


