18 Oktyabr – Azərbaycanın müstəqilliyini bərpa etdiyi gündür
Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən 35 il ötür.
Azmedia.Az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə, eləcə də Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannaməsinə istinad olunub. Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Ötən əsrin əvvəllərində Azərbaycan xalqı müstəqil respublika qurub. 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət müstəqilliyini bərpa edib.
1992-ci ilin mayında Milli Məclis Azərbaycanın Dövlət himnini təsdiqləyib. Himnin musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsusdur. Bir qədər sonra ölkənin üçrəngli bayrağı və alov təsvirli səkkizguşəli ulduzdan ibarət dövlət gerbi də təsdiq olunub.
2021-ci il oktyabrın 15-də Azərbaycan parlamentinin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Həmin gün Prezident İlham Əliyev də qanunu təsdiqləyib.
Qanunun qüvvəyə minməsi ilə oktyabrın 18-də qeyd olunan Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü olub.
Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilir və həmin gün iş günü hesab olunur.


