İlham Əliyev Vyetnam mediasına müsahibə verdi: Azərbaycanla əməkdaşlığın prioritet istiqamətlərini açıqladı- 150 milyon dollarlıq TİCARƏT-FOTO

İlham Əliyev Vyetnam mediasına müsahibə verdi: Azərbaycanla əməkdaşlığın prioritet istiqamətlərini açıqladı-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnama rəsmi səfəri çərçivəsində Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, strateji tərəfdaşlığın inkişafı, iqtisadi-ticari əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, humanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub.

Azmedia.Az xəbər verir ki, Prezident iki ölkə arasında dostluq münasibətlərinin təməlinin 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulduğunu bildirib.

Dövlət başçısı 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfərini də xatırladıb. Qeyd edib ki, həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına və ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

İlham Əliyev 2014-cü ildə Vyetnama ilk rəsmi səfərini, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladıb.

Prezident vurğulayıb ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri yeni mərhələyə yüksəldib.

İki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb

Dövlət başçısı müsahibəsində iqtisadi əlaqələrin mövcud vəziyyətinə də toxunub.

İlham Əliyevin sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan çox olub. Bununla belə, Prezident mövcud göstəricilərin iki ölkənin iqtisadi potensialını tam əks etdirmədiyini və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğunu bildirib.

Enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edən dövlət başçısı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur.

Prezident Vyetnam biznesinin Azərbaycana investisiya marağından da danışıb. Bu kontekstdə “ROX Group” şirkətinin tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrinə maraq göstərdiyi qeyd olunub. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlər imzalanıb.

Orta Dəhliz Vyetnam üçün yeni imkanlar yaradır

İlham Əliyev nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.

Prezidentin sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub.

Dövlət başçısı Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlverişli imkanlar yaratdığını bildirib.

Humanitar və mədəni əlaqələr də genişlənir

Prezident müsahibəsində Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrə də toxunub.

Qeyd olunub ki, Fondun dəstəyi ilə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəb tikilib, müxtəlif təhsil və infrastruktur təşəbbüsləri reallaşdırılıb.

Dövlət başçısı sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil aldığını xatırladıb. Onların əldə etdikləri bilik və təcrübənin Vyetnamın inkişafında mühüm rol oynadığını bildirib.

Müsahibədə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, Vyetnam Günlərinin keçirilməsi, Azərbaycan və Vyetnam ədəbiyyatı, musiqisi və kino sahəsində əməkdaşlıq məsələləri də diqqətə çatdırılıb.

İlham Əliyev Azərbaycanın Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı bu ölkəyə humanitar dəstək göstərdiyini də qeyd edib.