Paşinyan Putinə açıqladı: Ermənistan Aİ referendumu ideyasından geri çəkilib-

Paşinyan Putinə açıqladı: Ermənistan Aİ referendumu ideyasından geri çəkilib-

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirilməsi ideyasından imtina etdiyini açıqlayıb.

Azmedia.Az xəbər verir ki, Paşinyan bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə danışıb.

Baş nazir bildirib ki, bununla bağlı müvafiq qanun artıq qəbul olunub. Paşinyan eyni zamanda Ermənistanın Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz Rusiya Federasiyası ilə münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıyıq”, - deyə Paşinyan qeyd edib.

Görüş zamanı Vladimir Putin isə Ermənistanın qəbul etdiyi qanunun Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq anlamına gəlmədiyi barədə Paşinyanın mövqeyi ilə razılaşmayıb.

Rusiya Prezidenti bildirib ki, başqa iqtisadi təşkilata üzvlük prosedurunun başlanmasına dair qanunun qəbul edilməsi faktiki olaraq Aİİ-dən çıxış anlamına gəlir.

Paşinyan buna cavab olaraq qeyd edib ki, qanunun qəbul edilməsi Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirmək ideyasından imtina etməsi deməkdir.

Onun sözlərinə görə, məsələ hələ xalq qarşısında müzakirəyə çıxarılacaq səviyyədə yetişməyib və Ermənistanın hazırda real alternativi yoxdur.