18 Oktyabr – Xudafərin körpüsünün azad edildiyi gündür

18 Oktyabr – Xudafərin körpüsünün azad edildiyi gündür

Bu gün Xudafərin körpüsünün və Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin işğaldan azad edilməsindən altı il keçir.

Azmedia.Az xəbər verir ki, oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalından azad edildiyi tarix kimi qeyd olunur.

2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi – Hacılı və Hacı İsaqlı kəndləri də işğaldan azad edilib.

Azərbaycan memarlıq məktəbinin üslubunda inşa edilmiş 11 tağlı Xudafərin körpüsü Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşir və XI–XII əsrlərə aid körpünün qalıqları hesab olunur. Daşdan inşa edilən körpünün səthi yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.

Tədqiqatçılar hesab edirlər ki, körpü XIII əsrdə Elxanilərin (Hülakülər) hakimiyyəti dövründə antik dövrə aid körpünün qalıqları üzərində yenidən tikilib. Onun uzunluğu təxminən 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü isə 12 metrdir. Hazırda körpünün orta hissəsindəki üç tağ salamat qalıb. Sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

15 tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdıqlarına əsasən, bu körpü hicri təqviminin 15-ci ilində, miladi təqvimi ilə 639-cu ildə Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tərəfindən tikdirilib.

Körpünün tağlarının dayaqları təbii özüllər – qayalar üzərində qurulduğundan, aşırımlar müxtəlif ölçülərə malikdir və sərbəst düzülüşü ilə seçilir. Bişmiş kərpicdən və çay daşlarından tikilən bu körpünün uzunluğu təxminən 200 metr, eni 4,5 metr, çay səviyyəsindən ən yüksək nöqtəsinin hündürlüyü isə 12 metrdir.