Prezidentdən mühüm FƏRMAN: 6 qanun ləğv edilir – Dövlət qulluğunda yeni qaydalar müəyyənləşir
Azərbaycanda dövlət qulluğu sahəsində yeni hüquqi mərhələyə başlanılır. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar altı qanun ləğv ediləcək. Yeni məcəllə dövlət qulluğunda bir sıra münasibətləri və qulluqkeçmə qaydalarını tənzimləyəcək.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Dövlət Qulluğu Məcəlləsinin layihəsi 15 fəsil və 94 maddədən ibarətdir.
Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar altı qanun ləğv ediləcək. Həmin qanunlar aşağıdakılardır:
-
“Dövlət qulluğu haqqında” qanun;
-
“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanun;
-
“Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanun;
-
“Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanun;
-
“Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” qanun;
-
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun.
Məcəllə qüvvəyə minənədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”na malik şəxslər həmin sertifikatın qüvvədəolma müddəti ərzində yeni Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.
Yeni Məcəllə dövlət orqanlarında qulluqkeçmənin ümumi qaydalarını və şərtlərini, mülki növ dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı münasibətləri tənzimləyəcək.
Xüsusi növ dövlət qulluğunda qulluqkeçmə (xidmətkeçmə) isə bu Məcəllənin Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğu vəzifəsinə təyin edilmək hüququna, dövlət qulluğu vəzifəsinə təyinatın müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin dövlət qulluqçusunun şəxsi işi nəzərə alınmaqla, Azərbaycan Respublikasının digər qanunları ilə tənzimlənəcək.
Məcəllədə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onun müddəaları aşağıdakı şəxslərə şamil olunmayacaq:
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Milli Məclisin deputatlarına, Baş nazirə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Azərbaycan Respublikası Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə, yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinə, habelə hərbi qulluqçulara.
Bundan başqa, Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə də şamil edilməyəcək. Həmin işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənəcək.
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları isə Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq ediləcək.



