Barselona”dan tarixi start: Kataloniya klubu “Real”ın rekordunu təkrarladı
İspaniya çempionatında mövsümə uğurlu başlayan “Barselona” ilk doqquz turda doqquz qələbə qazanaraq Madrid “Real”ının rekordunu təkrarlayıb. Kataloniya təmsilçisi növbəti turda əzəli rəqibini məğlub etməklə yeni rekorda imza ata bilər.
Azmedia.Az xəbər verir ki, “Marca”nın məlumatına görə, “Real” 1968/1969 mövsümündə İspaniya La Liqasının ilk doqquz turunun hamısında qalib gələrək bu göstəriciyə nail olub.
“Barselona” oktyabrın 17-də keçirilən IX turun qarşılaşmasında səfərdə “Betis”i 5:2 hesabı ilə məğlub edib. Kataloniya klubunun heyətində Yamal 10-cu, Rodri 41-ci, Jezus 51-ci, Qarsiya 62-ci, Olmo isə 81-ci dəqiqədə fərqlənib.
“Betis”in qollarını Qomes 27-ci, Əzzalzuli isə 53-cü dəqiqədə vurub. “Barselona”nın futbolçusu Bernal 54-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, “Barselona” doqquz oyundan sonra mümkün olan 27 xalı toplayıb və rəqib qapılarından 39 top keçirib. Müqayisə üçün qeyd edək ki, “Real” 1968/1969 mövsümünün ilk doqquz turunda ardıcıl qələbələr qazanarkən 21 qol vurmuşdu.
“Barselona” qələbələrin sayına görə Madrid klubunun rekordunu təkrarlasa da, vurduğu qolların sayında həmin göstəricini xeyli üstələyib.
Kataloniya təmsilçisi növbəti turda mütləq rekord müəyyənləşdirmək imkanına malikdir. Komanda oktyabrın 25-də doğma meydanda keçiriləcək “El Klasiko”da “Real”ı məğlub edərsə, çempionatın ilk 10 turunda ardıcıl qələbə qazanan komanda kimi tarixə düşə bilər.
Doqquz turdan sonra 27 xala malik “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” isə 18 xalla dördüncü pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.
Əli Şəyəldiyev
Azmedia.Az


