Goranboyda yanğın SÖNDÜRÜLDÜ - Əhali evlərinə köçürüləcək - RƏSMİ

Goranboyda yanğın SÖNDÜRÜLDÜ -

Goranboyda Nizami kəndi yaxınlığında baş verən yanğın tamamilə söndürülüb.

Azmedia.Az xəbər verir ki, ajans.az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, ərazidə baş verən yanğın tamamilə söndürülüb və hazırda yekun tamamlama işləri aparılır.

Onun sözlərinə görə, bir qədər əvvəl Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən yaradılmış qərargahın yekun iclası keçirilib.

“Həmin iclasda əhalinin alınacaq son məlumat əsasında və veriləcək qərara uyğun olaraq yenidən öz evlərinə təhlükəsiz qaydada qayıtmalarının təmin olunması ilə bağlı işlərin başlanması qərara alındı.

Onu da qeyd edim ki, hazırda son tamamlama işləri – yanğının söndürülməsi ilə bağlı işlər – yekunlaşdıqdan sonra veriləcək rəyə əsasən əhali tam təhlükəsiz qaydada öz evlərinə köçürüləcəkdir.

Digər xoşagəlməz hadisələrin baş verməməsi məqsədilə əhalinin maarifləndirilməsi işlərinin aparılması ilə bağlı mobil qruplar təşkil olunmuşdur”, - deyə S.Nazarov bildirib.