Kiyevdə həyatını itirən azərbaycanlının nəşi Vətənə gətirildi – Kürdəmirdə torpağa tapşırıldı- FOTO

Kiyevdə həyatını itirən azərbaycanlının nəşi Vətənə gətirildi – Kürdəmirdə torpağa tapşırıldı-

Ukraynanın paytaxtı Kiyevdə sentyabrın 27-də baş verən dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasovun nəşi Azərbaycana gətirilib. O, Kürdəmir rayonunda dəfn olunub.

Azmedia.Az xəbər verir ki, sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.

Mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Bu barədə APA məlumat yayıb. 

Məlumata görə, 1978-ci il təvəllüdlü Abbas Abbasov əslən Kürdəmir rayonunun Pirəköçə kəndindəndir.

Hücumla bağlı əvvəlki məlumatlarda bildirilib ki, Abbas Abbasov uzun illərdir Ukraynada yaşayırdı və Kiyevdə fəaliyyət göstərirdi. Onun qohumu Xalid Məmmədovun sözlərinə görə, Abbas Abbasov təxminən 20 ilə yaxın idi ki, ailəsi ilə birlikdə Kiyevdə yaşayırdı. O, uzun illər şəhərdə bazarda çalışıb və ailəsini dolandırıb. 

Qohumunun açıqlamasına əsasən, Abbas Abbasovun dörd övladı olub. Onun ən kiçik övladının 6 yaşında olduğu bildirilib. Mərhumun valideynlərinin isə oğullarının ölümündən xəbərsiz olduqları və ailə üzvlərinin xəbəri onlara ehtiyatla çatdırmaq üçün kəndə getdikləri qeyd olunub. 

Qeyd edək ki, hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında Abbas Abbasovun sentyabrın 27-də saat 22:00 radələrində Kiyevə dron hücumu nəticəsində həlak olduğu bildirilib. Nazirlik onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən konsulluq yardımının göstərildiyini açıqlamışdı. 

Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyevə edilən hücumlar nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğunu açıqlamışdı.