Mingəçevir su anbarında suyun səviyyəsi yüksəlir
Ötən ilin bu günlərində Mingəçevir su anbarında su səviyyəsində gündəlik enmə qeydə alındığı halda, bu il əksinə gündəlik artım müşahidə olunur.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hazırda anbarda suyun səviyyəsi 81 metr 17 santimetr təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il may ayının 27-i tarixində Mingəçevir su anbarında suyun səviyyəsi ilin ən yüksək 81 metr 12 santimetr həddinə çatmışdı və həmin andan etibarən səviyyə gündəlik enməyə başladı. Bu gün isə may ayının 29-u tarixidir və ötən illə müqayisədə 5 santimetr artım var. Üstəlik səviyyə həddi gündəlik artmaqda davam edir. Xatırladaq ki, anbarda maksimal su tutumu həddi 83 metrdir. Müşahidə olunan artım dinamikasına baxmayaraq mütəxəssislər prosesin normal və nəzarət altında olduğunu bildirir. Hətta anbardan gündəlik Kür çayına axıdılan su həcmi də saniyədə 500 kubmetrdən 400 kubmetrə endirilib. Bu addım ona görə atılıb ki, Kür çayının rayonlardan keçən sahil zolağında ciddi anlamda hansısa fəsadlar yaranmasın. İlkin nəticələr də var. Məsələn, son aylar ərzində çayın Zərdab rayonundan keçən hissəsində səviyyə yüksəlişi diqqət çəkirdi. Son məlumata görə, isə bu ərazidə 9 santimetr enişlə səviyyə 8 metr 45 santimetr həddinə düşüb. Eyni proses bölgədə Göyçay, Qarasu, Türyançay və Qanıx çaylarında da enmə dinamikası ilə diqqət çəkir. Xüsusilə Qarasudan suvarmaya yönəlik istifadə enişə müsbət təsir göstərib. Qanıx çayında isə saniyədə müşahidə olunan su axını son iki gün ərzində saniyədə 268 kubmetr həddindən 244 kubmetr həddinə düşüb.
Ehtiram Muradov
Azmedia.Az


