Cəbrayılda yeni dəmir yolu xətti üçün 18 milyon manat ayrılır

Cəbrayılda yeni dəmir yolu xətti üçün 18 milyon manat ayrılır

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması ilə bağlı 18 milyon manatdan çox dəyərində açıq tender elan edilib.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC tərəfindən elan olunan tender çərçivəsində sənaye parkında dəmir yolu xəttinin infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Tenderin ehtimal olunan qiyməti 18 milyon 44 min manat təşkil edir.

Satınalma sənədlərinə əsasən, layihə çərçivəsində müxtəlif tikinti və mühəndislik işlərinin həyata keçirilməsi planlaşdırılır. Bunlara 700 millimetr diametrli quyuların qazılması, qazılmış qrunt və süxurların çıxarılması, müxtəlif tipli baltaların alınması, elektrik qaynağı, düzlük və spirallıq yoxlamaları, eləcə də digər işlər daxildir.

İlkin mərhələdə müxtəlif qruplar üzrə 159 metr, 212 metr və 159,4 metr həcmində quyuların qazılması nəzərdə tutulur.

Bundan başqa, 3,1 ədəd üçkonuslu “S1460K-PV” tipli balta, 53 metr elektroqaynaq işləri və 600 kubmetr qruntun çıxarılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək.