“El-Klasiko” Azərbaycanda keçirilə bilər? İspaniya Superkuboku ilə bağlı sensasion təklif!

“El-Klasiko” Azərbaycanda keçirilə bilər? İspaniya Superkuboku ilə bağlı sensasion təklif!

2027-ci ildə İspaniya Superkubokunun keçirilməsi üçün alternativ ölkələr nəzərdən keçirilir. Azərbaycan da turnirə ev sahibliyi edə biləcək ölkələr arasında göstərilir.

Azmedia.Az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lallindenin açıqlamasına əsasən, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçirilməsi ilə əlaqədar İspaniya Superkubokunun təşkili üçün alternativ variantlar axtarılır.

Federasiya rəhbərinin sözlərinə görə, turnirin təşkili ilə bağlı ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər daxil olub. Təkliflərin çoxluğu və müxtəlif ölkələrin yarışa ev sahibliyi etməkdə maraqlı olması diqqət çəkib.

Bununla belə, 2027-ci il İspaniya Superkubokunun keçiriləcəyi məkan artıq müəyyənləşdirilib. İspaniya Kral Futbol Federasiyasının rəsmi məlumatına görə, turnir 2027-ci il fevralın 2-dən 7-dək Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Beləliklə, Azərbaycan 2027-ci il İspaniya Superkubokuna ev sahibliyi etmək üçün təklif verən ölkələr sırasında yer alsa da, yarışın həmin il ölkəmizdə keçirilməsi nəzərdə tutulmur.