Bakıda sahibkarları bir araya gətirən ilk forum: tanınmış jurnalistlər və biznes nümayəndələri də iştirak ediblər- FOTO

Bakıda sahibkarları bir araya gətirən ilk forum: tanınmış jurnalistlər və biznes nümayəndələri də iştirak ediblər-

Oktyabrın 24-də Bakıdakı Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə “Mikrosahibkarların Forumu 2026” keçirilib. Sahibkarlıq sahəsində praktiki biliklərin artırılması, yeni biznes təşəbbüslərinin təşviqi və mikrosahibkarlar arasında peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan forumda sahibkarlar, biznes nümayəndələri, tanınmış jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Azmedia.Az xəbər verir ki, 24 oktyabr 2026-cı il tarixində baş tutan forum Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı, AZIMLI Company (Ceyran Əzimli) və Notify Group MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.

Forumun əsas məqsədi sahibkarlığa yeni başlayan şəxslərə və artıq fəaliyyət göstərən mikrosahibkarlara bizneslərini daha dayanıqlı əsaslar üzərində qurmaq, qarşılaşdıqları çətinlikləri düzgün qiymətləndirmək və inkişaf imkanlarından səmərəli istifadə etmək üçün praktiki bilik və təcrübə qazandırmaq olub.

Tədbirin konsepti “Möhkəm Təməl • Güclü Brend • Uğurlu Sahibkar” şüarı üzərində qurulub.

Forumun açılış mərasimində Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Rəhimə İsmayılova və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva iştirak ediblər.

Açılış mərasimində sahibkarlığın inkişafının, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsinin və ölkədə sahibkarlıq mühitinin gücləndirilməsinin əhəmiyyəti ön plana çəkilib.

Bundan əlavə Tədbirdə Azmedia Group MMC-nin və bir sıra informasiya portallarının rəhbəri, tanınmış aparıcı, jurnalist və prodüser Zaur Əliyev, eləcə də Azmedia.Az saytının redaktoru, jurnalist Əli Şəyəldiyev iştirak ediblər.

Forumun proqramı üç əsas istiqaməti əhatə edib: psixoloji hazırlıq, hüquqi və maliyyə əsasları, eləcə də marketinq, brendinq və satış.

Üç panel müzakirəsi çərçivəsində sahibkarlığın müxtəlif mərhələlərində qarşıya çıxan məsələlər, biznesin düzgün təməllər üzərində qurulması, brendin formalaşdırılması, satış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə və hüquq biliklərinin əhəmiyyəti müzakirə olunub.

Forumda doqquz ekspert və üç moderator iştirak edib. Spikerlər öz bilik və təcrübələrini bölüşərək iştirakçılara biznes fəaliyyətində tətbiq edə biləcəkləri praktiki yanaşmalar təqdim ediblər. Panel müzakirələri iştirakçılar üçün yeni biliklər əldə etmək, fikir mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq baxımından əhəmiyyət daşıyıb.

Tədbir çərçivəsində sponsor və tərəfdaşlara göstərdikləri dəstəyə və sahibkarlıq ekosisteminin inkişafına verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub. Forum iştirakçıları üçün hədiyyələr də hazırlanıb.

“Mikrosahibkarların Forumu 2026”nın əsas məqsədi yalnız motivasiya yaratmaqla məhdudlaşmayıb, eyni zamanda sahibkarlara real bilik, təcrübə və əməkdaşlıq imkanları qazandırmaq olub. Təşəbbüs mikrosahibkarlığın inkişafına, yeni biznes ideyalarının reallaşmasına və sahibkarlıq mədəniyyətinin güclənməsinə töhfə verməyi hədəfləyir.

Forum sahibkarları, biznesə yeni başlayan şəxsləri və bu sahədə inkişaf etmək istəyən gəncləri vahid platformada birləşdirərək bilik mübadiləsi və yeni əməkdaşlıqlar üçün imkan yaradıb.

Təşkilatçılar gələcək forumların keçirilməsi ilə bağlı növbəti addımların iştirakçıların marağı və ehtiyacları nəzərə alınmaqla qiymətləndiriləcəyini bildiriblər.

Qeyd edək ki, Azmedia.Az da “Mikrosahibkarların Forumu 2026”nın informasiya dəstəyi göstərən media qurumlarından biri olub.